Peruda coşmuş ehtiraslar səngimir | VİDEO

   Peruda coşmuş ehtiraslar səngimir    | VİDEO
  17 Oktyabr 2025    Oxunub:573
Etirazçının ölümünə baxmayaraq, Perunun yeni prezidenti istefa verməkdən imtina edib. Ölkənin paytaxtı Lima şəhərində fövqəladə vəziyyət elan olunub.
AzVision.az xəbər verir ki, Peruda etirazlar bir ay əvvəl əhalinin aşağı maaş və pensiyalar, habelə hökumətdəki korrupsiya ilə bağlı narazılığı fonunda başlayıb. Etirazçılar ölkənin siyasi elitasının istefa verməsi tələbini irəli sürürlər.

Bundan sonra oktybarın 10-da impiçment əsasında vəzifədən uzaqlaşdırılan prezident Dina Boluartenin yerini Xose Heri tutub. Onun 2026-cı ilin iyul ayına qədər hakimiyyətdə qalması və bu müddət ərzində ölkədə prezident seçkilərinin keçirilməsi planlaşdırılır. Yeri gəlmişkən, Xose Heri son 10 ildə Perunun yeddinci prezidentidir.

Lakin hökumət əleyhinə mitinqlərdə etirazçılardan birinin ölümü artıq Xose Herini istefa tələbi hədəfinə çevirib. Lakin siyasətçi bu tələbi yerini yetirməkdən imtina edib.

“İndi ölkəmiz üçün çətin dövrlərdir. Lakin bu çətin anlarda ölkəmizin birlik tapması üçün məsuliyyətli olmaq və dialoqa çalışmaq hakimiyyətin borcudur”, - Heri jurnalistlərə açıqlamasında deyib.


Peru prokurorluğu güllələndiyi güman edilən 32 yaşlı etirazçı Eduardo Ruisin ölümü ilə bağlı araşdırma aparıldığını bildirib. Aksiya zamanı baş verən qarşıdurmalarda 80-i polis, 10-u jurnalist olmaqla, 100-dən çox insan yaralanıb.

Hakimiyyət orqanları cinayətkarlıqla mübarizə və “vətəndaşların sakitliyinin bərpa olunması” üçün paytaxt Limada fövqəladə vəziyyət elan edib. Baş nazir Ernesto Alvares gələcəkdə komendant saatı tətbiq oluna biləcəyini də istisna etməyib.


Sahil İsgəndərov
AzVision.az




Teqlər:   Peru   etirazlar   istefa  



Xəbər lenti